"Qəbələ - Azərbaycanın tolerantlıq simvolu"

14 Noyabr 2018 17:12

Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Udi Ocağında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Alban – Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası Azərbaycanın mədəni – tarixi irsi kimi ” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə qonaqlar Udi ocağındakı etnoqrafik muzeylə tanış olublar. Daha sonra “Qafqaz Albaniyası: regional, siyasi və mədəni aspektlər”, “Azərbaycanda alban tayfalarının etnik ənənələri”, “Qafqaz Albaniyası Azərbaycan tarixşünaslığında” mövzularında mühazirələr dinlənilib. Çıxış edənlər ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğunu, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcədə islam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitin digər ölkələrə nümunə olduğunu qeyd ediblər. Bildirilib ki, multikulturalizm bir çox fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi də buna bariz nümunədir. Tədbirdə həmçinin Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunmasının, tədqiqinin və təbliğinin vacibliyi vurğulanıb.