Qax məktəbləri payız-qış mövsümünə hazırdır...

13 Noyabr 2018 17:01
Qarın yağması, havaların soyuması istilik məsələsini aktuallaşdırır. Respublikanın bütün ümumtəhsil məktəblərində noyabrın 15-dən etibarən payız-qış mövsümünə keçiləcək. Qax məktəblərində də bu proses gözlənilir. Rayonun təhsil ocaqlarında istilik sistemləri qış mövsümünə hazırdırmı? Rayon məktəblərində vəziyyətlə maraqlanmışıq.
Məktəblərin qızdırılmasında mavi yanacaqdan, duru yanacaqdan və odundan istifadə olunur. Kombi sistemi ilə təchiz edilən məktəblərdə yeni kombi rodiatorları quraşdırılıb və sinif otaqları istiliklə normal səviyyədə qızdırılacaq. İstiliyin normal səviyyədə verilməsi isə şagirdlərin davamiyyətinə böyük təsir göstərir. Məktəblərdə istiliyin tam tənzimlənməsi üçün qazanxanalar fəaliyyət göstərir. Qazanxanalar əvvəlki illərdəki kimi böyük və iritutumlu yox,sadəcə kiçik müasir tələblərə cavab verən aparatlardan ibarətdir. Qax İstilik Sistemləri sahəsindən verilən məlumata görə, məktəblərdə qış mövsümüylə bağlı bütün işlər başa çatıb, ehtiyat yanacaq alınıb və qazanxanalar tam hazır vəziyyətə gətirilib. Rayonun kəndlərində olan məktəblərdə əsasən yanacaq növü kimi odundan istifadə olunur, artıq həmin məktəblər də odunla təmin olunub. Hazırda Qax rayonunda ümumilikdə 53 məktəb fəaliyyət göstərir ki, bunlardan da 25 məktəbin müstəqil qazanxanası var. 19 məktəb duru yanacaqla, 6 məktəb mavi yanacaqla, 28 məktəb isə odun peçi ilə bu qış şagirdlərə xidmət göstərəcək.