Ova gedən şəxs yüksəklikdən yıxılaraq həyatını itirdi...

12 Noyabr 2018 16:35
Qəbələdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, rayonun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 43 yaşlı Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədi ilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər. Sadiq Mehralıyev Bum qəsəbəsinin sakini olub və peşəkar ovçu imiş. O, Həmzəli kəndinin yuxarı hissəsindəki yüksək dağlıq əraziyə dağ keçisi ovlamaq üçün gedib. Vurduğu dağ keçisini götürmək üçün həyatını riskə ataraq sərt qayaya dırmaşıb və ehtiyatsızlıqdan uçurumdan Həmzəli çayına yıxılıb. Onun meyiti çayın sahilində tapılıb. Qəbələ rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Cümşüd Kərimovdan “TOZ” markalı, Elşad Sədirovdan “BUM” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb. Faktla bağlı araşdırma aparılır.