“Azərbaycanın İntellektual Birincisi” layihəsinin 3-cü turuna start verilib...

10 Noyabr 2018 16:47

Ölkəmizdə “İrəli” İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsinin 3-cü turuna start verilib. İsmayıllıda keçirilən layihədə Ağsu və İsmayıllı rayonundan olan məktəbli komandalar iştirak ediblər. Məqsəd gənclərin maarifləndirilməsi, intellektual səviyyələrinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, ölkə daxilində bir sıra yarışların vahid turnir altında reallaşdırılmasıdır. İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, "İrəli" İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar. Rəsmi hissədən sonra İsmayıllı, Ağsu şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan iqtisadi rayonu üzrə zona turniri keçirilib. 4 intellektual oyunu - "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı" oyunlarını əhatə edən layihədə İsmayıllı rayonunun gəncləri qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Layihədə ümumilikdə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.