Zaqatalada “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasına yekun vurulub...

10 Noyabr 2018 16:25

12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasına yekun vurulub. Qaliblərin mükafatlandırılması mərasimindəı Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları, rayon rəhbərliyi, ali və orta təhsil müəssisələrinin kollektivləri iştirak ediblər. Çıxış edənlər 23 il əvvəl ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk milli Konstitusiyanın dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyətindən danışıblar. Daha sonra hüquq olimpiadasının nəticələri elan edilib. Bu ilki olimpiadada Şəki və Zaqatalada fəaliyyət göstərən 2 universitet filialının, 3 kollecin tələbələri, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının hər birindən 7 məktəb olmaqla, ümumilikdə, 28 ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri iştirak ediblər. Olimpiadada şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Hər düzgün cavab 2 balla qiymətləndirilib. Universitet filialları arasında olimpiada bu ali təhsil müəssisələrinin öz daxilində keçirilib.Olimpiadanın nəticələrinə əsasən, kolleclər arasında Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri birinci yerə çıxıblar. Şəki Dövlət Regional və Şəki Dövlət Texniki kollecləri müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Orta təhsil müəssisələri arasında rayonlararası müsabiqədə Balakən məktəbliləri daha yüksək nəticə göstərərək hüquq olimpiadasının qalibi adını qazanıblar. Sonrakı yerləri Zaqatala və Qax məktəblərinin şagirdləri tutublar. Konstitusiya Məhkəməsinin keçirdiyi hüquq olimpiadaları tarixində ilk dəfə olaraq iştirakçılardan biri – Balakən rayonu humanitar və texniki təmayüllü liseyin şagirdi Nihat Şimdiyev bütün sualları doğru cavablandıraraq 100 bal toplamağa müvəffəq olub. Tədbirin sonunda olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.