Qəbələdə aztəminatlı ailələr üçün fındıq bağları salınıb...

09 Noyabr 2018 16:52

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşəbbüsü ilə Qəbələ rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Aksiya zamanı rayonun Vəndam qəsəbəsi yaxınlığında ayrılmış 2 hektar ərazidə 1248 ədəd fındıq kolu əkilib.Yeni salınan bağ 3 aztəminatlı ailə arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr fındıq bağına qulluq göstərərək, məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.Çıxış edənlər Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat veriblər. Bildirilib ki, salınan fındıq bağı ekoloji tarazlığın qorunmasına öz töhfəsini verəcək. Eyni zamanda, bu layihə həm də iqtisadi əhəmiyyət daşıyır. Ümumilikdə isə layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 16 mindən çox meyvə ağacları əkilib və 47 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.Qəbələ rayonunda fındıq bağının salınması üzrə təşkil edilən aksiyaya, 200 nəfərdən çox yerli könüllü gənc qoşulub.