Zaqatalada ədliyyə orqanları və məhkəmə üçün yeni binanın açılışı olub...

09 Noyabr 2018 16:41

Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkə başçısının tapşırıqlarına uyğun olaraq dövlət büdcəsi hesabına Zaqatala rayonunda ədliyyə orqanları və məhkəmə üçün yeni inşa olunmuş müasir binanın açılışı olub. Açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, rayon rəsmiləri, hakimlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tanışlıq zamanı bildirilib ki, bina ümumi sahəsi 2.300 m2 olmaqla üç mərtəbədən və zirzəmi qatından ibarətdir. Digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, burada fəaliyyət göstərən rayon məhkəməsi də ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan sistem və digər avadanlıqlar quraşdırılıb. Həmçinin, konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur. Müasir texnologiyalarla təchiz olunmuş binada Zaqatala rayonu icra və probasiya, qeydiyyat şöbələrinin fəaliyyəti, o cümlədən təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Çıxış edən ədliyyə naziri ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.