Yaponiya hökumətinin dəstəyi ilə Oğuzun Muxas kəndində tibb məntəqəsi tikilib...

09 Noyabr 2018 16:32

Oğuz rayonunun Muxas kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən tibb məntəqəsinin açılışı olub. Bu münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, rayon administrasiyası, layihəni icra edən “Kənd İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər qrant yardımı proqramı çərçivəsində indiyədək rayonda 4 layihənin reallaşdığını bildirib. Qeyd olunub ki, bu layihələrin üçü tibb məntəqəsinin tikintisi, biri isə su təchizatı sahələrini əhatə edir. Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 89 min 950 ABŞ dolları təşkil edib. Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.