Zaqatala - Muğan avtomobil yolunda təmir yekunlaşır...

07 Noyabr 2018 16:48
Zaqatalada yol infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi işi davam edir. Bu çərçivədə icra olunan layihələrdənbiri də 42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulmasıdır.
Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının 3 istiqamət üzrə yenidən qurulması yekunlaşmaq üzrədir. Bu Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 128-ci km-dən ayrılan 9.8 km uzunluğunda respublika əhəmiyyəti Zaqatala dəmir yolu stansiyası avtomobil yolu, 24 km uzunluğa malik yaşayış məntəqələrini birləşdirən yollar və 8.2 km uzunluğunda yaşayış məntəqələrinin daxili yollarıdır. Yolun təmiri nəticəsində yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarma və çökmələr aradan qaldırılıb. Layihəyə əsasən yolboyu mövcud asfalt-beton örtüyü sökülərək daşınıb, deformasiyaya uğramış örtük, yararsız yol əsası və torpaq yatağı qazılaraq çıxarılıb və kənarlaşdırılıb. Bundan başqa,yaşayış məntəqələrini birləşdirən yolda yerləşən iki mövcud avtomobil körpüsündə yararsız körpü məhəccərləri yenisi ilə əvəz edilib. Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələdə 390 min kv.m sahədə yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də start verilib. Bu işlər ümumilikdə 265 min kv.m sahəni əhatə edəcək. Layihənin sonuncu mərhələsi üzrə 12 nöqtədə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol nişanları, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq. Yolcizgi və yolgöstərici xətlər də çəkildikdən sonra 42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan yolu vətəndaşların istifadəsinə veriləcək.