İsmayıllı və Çexiyanın Qluboko Na Vltavu şəhərinin dostluğunu əks etdirən lövhənin açılışı olub...

06 Noyabr 2018 16:20

Cənubi Çexiya Regionu ilə İsmayıllı rayonu arasında bağlanmış əməkdaşlıq xartiyası və qardaşlaşmış şəhərlər müqaviləsi əsasında Çexiya nümayəndə heyəti İsmayılıda olub. Çexiya Respublikasının senatoru, Cənubi Çexiya regionunun Qluboko Na Vltavu şəhərinin meri Tomaş Jirsanın rəhbərlik etdiyi nümayəndə heyətini İsmayıllı rayon icra hakimiyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. Qonaqlara İsmayıllının sosial-iqtisadi göstəriciləri, tarixi, coğrafiyası, əhali tərkibi, xalq yaradıcılığı, xüsusilə də inkişafda olan kənd təsərrüfatı haqqında ətraflı məlumat verilib. Görüşdə dövlətlərimizin, xalqlarımızın yaxınlığı və dostluğunun tərəflər üçün geniş imkanlar açdığı vurğulanıb. Tomaş Jirsa öncə Bakı və sonra İsmayıllı ilə tanışlığın onlarda yaratdığı təssüratları bölüşüb. Qonaqlara İsmayıllını təmsil edən hədiyyələr təqdim edilib. Görüşdən sonra Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçirilib. Qonaqlar multikultural və tolerant rayon olan İsmayıllının Lahıc qəsəbəsində, İvanovka kəndində, xalça sexində, müxtəlif emal müəssisələrində də olublar. “Azərxalça” müəssisəsinə baxış keçirilib. Burada Çexiya Respublikasının bayrağını əks etdirən xalça kəsilib. Daha sonra parkda İsmayıllı və Cənubi Çexiya regionunun Qluboko Na Vltavu şəhərinin dostluğunu əks etdirən lövhənin açılışı olub. Ətrafında ağac əkilib.