Qaxın dağ çaylarında qızğın iş gedir...

05 Noyabr 2018 16:51
Yağıntı çox olduqda dağ çaylarında suyun səviyyəsi qalxır və bu da hər an sel təhlükəsi deməkdir. İndiki mövsümdə məsələnin aktuallığı nəzərə alınaraq Qax çaylarında qızğın iş gedir. Yarana biləcək xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə rayonun dağ çaylarında bəndlər tikilir... Qaxın Zərnə çayı istiqəmətində aparılan işlər Qax Suvarma Sistemləri idarəsinin sifarişi ilə görülür. Bəndlərin tikintisində 15 nəfərdən ibarət briqada çalışır, müasir ağır texnikalardan istifadə olunur. Məqsəd, sel sularının və uçqunun qarşısını almaqdır. Mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Zərnə çayı Qax rayonu ərazisindən keçən və zaman-zaman sel təhlükəsi yaradan çaylardandır. İş icraçısı yeni salınan bəndlərin təhlükəsizlik baxımından önəmli olduğunu bildirir. Qeyd edək ki, Zərnə çayında bəndlərin tikintisinə ötən ay başlanılıb, işlərin bu ayın sonunda tamamlanması nəzərdə tutulub. Çayda bəndlərin tikintisi ilə yanaşı çay yatağının da dərinləşdirilməsi işləri görülür. Bu da çaya sel gəldiyi zaman suyun daşaraq ətrafa ziyan vurmasının qarşısını alır...