Sürüşmə sahələri aktivləşib...

03 Noyabr 2018 16:43

Ötən gün xəbər verdiyimiz kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti son bir ayın nəticələrini açıqlayıb. Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub. Vəziyyət Şamaxıda da aktualdır. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə prosesi son yağıntılardan sonra aktivləşib. Xüsusilə yolun 106-107 km-də sol və sağ yamac hissədə uçqunlar baş verib, çatlar genişlənib. Quba-Xınalıq, Xızı-Altıağac, Bakı-Ağsu, Lənkəran-Lerik və Masallı-Yardımlı yollarının keçdiyi ərazilərdəki sürüşmə sahələrinin dinamikasında da aktivlik müşahidə olunub. Həmçinin atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib. Sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, yeraltı suların yer səthinə çıxması müşahidə olunub.