“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu necə qorunacaq?

02 Noyabr 2018 17:35
Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun qorunması istiqamətində addımlar artırılacaq. Prezident İlham Əliyevin sərəncamı ilə müvafiq konsepsiya layihəsi hazırlanacaq.
Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğu Dövlət Turizm Agentliyinin tərkibində olan 7 qoruqdan biridir. Qoruqda olan tikililərin əksəriyyəti XVII-XIX-cu əsrlərə aiddir. Buranın digər qoruqlardan fərqi isə yaşayan mədəni irs kimi qeydiyyatda olmasıdır. Belə ki, ərazidə 13 mindən çox sakin yaşayır. Ərazidə olan Karvansaraylar, Şəki Xan Sarayı, Alban məbədi kimi abidələr turistlərin daha çox üz tutduğu məkanların başında gəlir. Lakin qoruqda qədim üslubda tikilmiş evlər və abidələr var ki, bunlar barədə əksəriyyətin xəbəri belə yoxdur. İşlərin sonunda isə qoruq ərazisindəki mülklərin istifadəsi barədə təlimat hazırlanacaq və bu təlimata ərazidə yaşayan hər kəs əməl etməlidir.