25 kənddə içməli su təchizatı infrastrukturlarının yaradılması yekunlaşıb...

02 Noyabr 2018 16:47
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində kəndlərin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra olunan layihələr çərçivəsində artıq 25 kənddə içməli su təchizatı infrastrukturlarının yaradılması yekunlaşıb. İlin sonuna iş davam edən daha 16 kəndddə işlər başa çatdırılacaq.19 rayonunun 41 yaşayış məntəqəsini əhatə edən layihələrə əsasən, bu kəndlərdə 14 subartezian quyusu qazılması, 7 ədəd su anbarının, 414 km müxtəlif diametrli su xətlərinin tikintisi, 9 ədəd su qülləsinin, 4 ədəd nasos stansiyasının, əhalinin ümumi istifadəsi üçün 1359 bulağın quraşdırılması, mövcud 4 su anbarın yenidən qurulması nəzərdə tutulub. Hazırda yeni su təchizatı sistemlərinin yaradılması işlərinin böyük hissəsi yerinə yetirilib. Layihələrin icrası nəticəsində Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Şəmkir rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər, Xızı rayonunun Yeni Yaşma, Ağcabədi rayonunun Taxtakörpü, İsmayıllı rayonunun Zoğallıq, Quba rayonunun Ağbil, Talabıqışlaq və Digah kəndlərində 25 min nəfərin içməli su problemi həll edilib. 2018-ci ilin sonunadək digər kəndlərə də içməli suyun verilməsi təmin ediləcək. Ümumilikdə bu layihələrin icrası nəticəsində 19 rayonunun 41 yaşayış məntəqəsində 58 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.