Qafqazın ilk keramika mərkəzi Şəkidə...

31 Oktyabr 2018 17:34
Xalqların böyük tarixinin sübutu onun keramikası ilə də müəyyən edilir. Bütöv Azərbaycan ərazisi, xüsusilə də Şəkidə aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb. Bu da tarix boyu Şəkidə sənətkarlığın bu qolunun yüksək inkişafda olmasından xəbər verir. Oktyabrın 29-u , Prezident İlham Əliyevin açılışını etdiyi ABAD ŞƏKİ Keramika və tətbiqi sənət mərkəzi də bu tarixi sənətkarlığı yaşatmaqda yardımçı olacaq.
ABAD Mərkəzində, termik soba və təlim otaqları, xammal və hazır məhsul anbarları, etno-butik, ofis və xalçaçılıq otağı yerləşir. İkimərtəbəli binada işçilər və təlimlərə qoşulan şəxslər üçün istirahət imkanları da yaradılıb. Hazırlanan məmulatların elə mərkəzdəcə satışa çıxarılması nəzərdə tutulur. Bu, həm də kənardan gələn saxta məhsulların qarşısını alacaq. Mərkəzin ilk olaraq Şəkidə fəaliyyətə başlaması yerli sənətkarlar üçün də mühüm rol oynayacaq. Bundan əlavə mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, simpoziyumlar, təlimlər də təşkil olunacaq. Ümumilikdə burada 40-dək vətəndaşın daimi işlə təmin edilməsi nəzərdə tutulur.