Zaqatalada yayda baş verən selin yenidən yaşanması ehtimalı nə dərəcədədir?

30 Oktyabr 2018 17:24
Dağ çaylarında suyun artması əsasən yaz aylarında sel təhlükəsi yaradır. Lakin yağışların çox olduğu payız fəslində də bu təhlükə qaçılmaz olur. Mütəxəssislər bildirirlər ki, vaxtında qabaqlayıcı tədbirlərin görülməməsi sel təhlükəsi olan çayların adi yağışlarda belə daşma ehtimalını artırır. Buna görə təxirəsalınmaz tədbirlərin görülməsi mütləqdir. Bunu nəzərə alaraq yayda güclü selin yaşandığı Zaqatalada çayların mövcud vəziyyətini araşdırmışıq. Baş verə biləcək sel və daşqınlardan müdafiə məqsədi ilə Zaqatala rayonundan keçən çay yataqlarının təmizlənməsi və mövcud bəndlərin əsaslı təmiri işləri davam edir. Zaqatala rayonunda yaxın bir neçə ay öncə baş verən sel hadisəsindən sonra yağmurlu havalarda sakinlər ciddi narahatçılıq keçirir. Rayon ərazisindən keçən 7 çayın daşması nəticəsində sel suları çayətrafı ərazilərdə əkin sahələrinə, xüsuilə Vöhtala, Höytala və Yolayrıc kəndlərinə ziyan vumuşdu. Sözügedən ərazilərdə sel təhlükəsizliyi məqsədi ilə çay yatağı lildən və qumdan təmizlənib, çay ətrafı torpaq bəndlər qurulub. Sel sularının basdığı Zaqatala şəhərinin Nizami küçəsində isə 100 metr uzunluğunda yeni beton bənd salınır. Ümumilikdə isə sel sularından mühafizə məqsədi ilə 2018-ci ilin 9 ayı ərzində 906 min kubmetr çay yataqları və 264 min kub metr su kanalları lildən və kol-kosdan təmizlənilib. Sel təhlükəsi olan ərazilərdə 1820 kubmetr çaykənarı mühafizə bəndi əsaslı təmir edilib. Çay yataqlarının və suvarma kanallarının təmizlənməsi və bəndlərin təmiri sahəsində işlər ilin sonunadək davam edəcək.Bununla yanaşı, baş verə biləcək hər hansı bir təbii fəlakətin qarşısını vaxtında almaq məqsədi ilə, Zaqatala Suvarma Sistemləri idarəsinin texnikası və canlı qüvvəsi sel təhlükəli ərazilərdə hazır vəziyyətdə saxlanılır. Lakin mənbəyini dağlardan alan 7 iri çayın keçdiyi rayonda müəyyən ərazilərdə yeni beton bəndlərin salınmasına ehtiyac olduğu bildirilir.