Azərbaycan karatesinin fəxrləri bu dəfə Şamaxıda toplaşıb...

27 Oktyabr 2018 16:47
Karatenin olimpiya idman növlərinə daxil edilməsi ölkəmiz üçün ayrıca bir sevindirici haldır. Belə ki, həm güclü karate məktəbimiz var, həm də Rəfael Ağayev, Firdovsi Fərzəliyev kimi karateçilərimiz.
Karate üzrə Azərbaycan Milli komandası Şamaxıya təlim-məşq toplantısına yollanıb. Toplantıya 15 idmançı cəlb olunub. Təlim-məşq prosesi noyabrın 5-dən 11-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcək karate üzrə 24-cü dünya çempionatına hazırlıq məqsədi daşıyır. Şamaxı Olimpiya İdman Kompleksində baş tutan hazırlıqlara milli komandanın üzvüləri, 60 k-qda dünya çempionumuz Firdovsi Fərzəliyev, 67 kq-da Tural Ağalarzadə, Rafiz Həsənov, 75 kq-da karatenin briliyantı, 5 qat dünya çempionu, 11 qat avropa çempionu Rafael Ağayev və digər karateçilər qatılıblar. Bundan əlavə qızlardan 50 kq çəki dərəcəsində Nuranə Əliyeva və digər çəkilərdə İlahə Qasımova, Fəridə Abıyeva və Fəridə Əliyeva da təlim məşq toplantısında yer alıblar. 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sesiyasında qəbul edilən qərarlara əsasən, karate də artıq olimpiya idman növlərinə daxil edilib. Bu da idmançılarımızın 2020-ci ildə baş tutacaq Tokio Yay Olimpiya oyunlarında iştirakının vacibliyinə diqqət çəkir. Qeyd edək ki, milli komandanın təlim-məşq toplantısı oktyabrın 29-dək davam edəcək. Karateçilərimiz Madridə noyabrın 3-də yollanacaq.