Şamaxıda 4 kəndi birləşdirən yolda işlər başa çatmaq üzrədir...

27 Oktyabr 2018 16:17
Şamaxı rayonunun 4 kəndini birləşdirən 16 km uzunluğunda olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı tikinti işləri yekunlaşmaq üzrədir. Artıq sözü gedən yol asvaltlanır...
Hazırda yolun 4-cü texniki dərəcəyə uyğun yenidən qurulması işləri davam etdirilir. 16 km uzunluğa malik yolun eni 10 metrdir. Hazırda yola 12 santımetr qalınlığında asvalt beton örtüyü çəkilir. Ayın sonuna kimi asvaltlanma işi tamamilə yekunlaşacaq. Yolun yenidən qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq. Ümumilikdə 5000-ə yaxın kənd əhalisinin yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmaqlarına şərait yaranmış olacaq. Rayon mərkəzindən 22 kilometr uzaqlıqda olan bu kəndlər dəniz səviyyəsindən 1150 metr yüksəklikdə yerləşir. Çuxuryurd, Sis, Qaleybuğurd, Keçmədin və Qaladərəsi kəndləri təmiz havası, sıx meşələri, gözəl təbiəti ilə yanaşı, qədim tarixi abidələri ilə də məhşurdur. Yol probleminin aradan qaldırılması ilə bu kəndlərə turist axının artacağı da istisna edilmir.