Şəkini təhlükə gözləyir?

26 Oktyabr 2018 16:39
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdalıq edib. Oktyabrın 26-da və 27-si gecə və səhər intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir. Payızdır, intensiv yağışlar gözləniləndir. Amma yağışların artması ilə dağ çaylarında sel təhlükəsi məsələsi yenidən aktuallaşır. Belə ki, çaylarda sululuq artır və yay boyu çayların məcrasında yığılmış materiallar əsl təhlükə mənbəyinə çevrilir. Bəs çaylarda aparılan təmizlik işləri həmin təhlükənin qarşısının alınması üçün yetərlidirmi?
Şəkidə də çox təhülkəli dağ çayları var. Kiş, Şin, Küngüt və Zəyzid çayları hər zaman sel təhlükəsinin yaşandığı çaylardandır. Bunlar arasında ən təhlükəliləri isə Şin və Kiş çaylarıdır. Kiş kənd sakinləri çayın kənd ərazisindən keçən hissəsində təmizlik işlərinin görüldüyünü desələr də, çayın yatağında vəziyyət daha fərqlidir. Mütəxəssislər də, isti yay aylarından sonra çay yataqlarında yetərincə selə səbəb olacaq materialın yığıldığını deyirlər. Əlbəttə çayın yarı hissəsinin təmizlənməsi müsbət haldır. Lakin mütəxəssislər bildirir ki, sel təhlükəli çay yataqlarının təmizlənməməsi yağış mövsümündə görülən işləri də kölgədə qoyacaq faciəyə səbəb ola bilər.