Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda təmir işləri yekunlaşmaq üzrədir...

26 Oktyabr 2018 16:07
Yerli əhəmiyyətli Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda təmir işləri yekunlaşmaq üzrədir. Uzun müddət istismar olunan yolun torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılıb.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6 metrdən 10 metrə qədər genişləndirilib.Layihə çərçivəsində mövcud suötürücü borular istismara yararsız olduğu üçün yol boyu 150 yerdə müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri aparılıb. Bundan başqa Əyriçay üzərində yerləşən 2 körpünün təmiri işləri də görülüb. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 175 ədəd yol nişanı 132 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkilir. 44,5 km uzunluqda yolda həmçinin 10 ədəd avtobus dayanacağı da inşa edilib. Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun müasir səviyyədə yenidən qurulması 13 yaşayış məntəqəsi arasında yük və sərnişin daşımasını xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə yaxın-uzaq bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsinə xidmət göstərəcək . Qeyd edək ki, prezidentin imzaladığı sərəncama əsasən, Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi məqsədilə 15,1 milyon manat ayırlıb.