Torpaq kütləsi evlərə doğru hərəkət edir...

17 Oktyabr 2018 17:49
Şamaxının Aşıqməmmədağa küçəsinin sakinləri neçə gündür evlərində qorxu içində yaşayırlar. Buna səbəbsə evlərinin sürüşmə zonasında yerləşməsidir. Son yağışlardan sonra aktivləşən torpaq sürüşməsi nəticəsində 10-a yaxın evə ciddi ziyan dəyib. Bəzi sakinlərə məxsus yaşayış evləri isə sürüşmə nəticəsində elə vəziyyətə düşüb ki, orada yaşamaq qeyri mümkündür. Daha ətraflı təqdim edəcəyimiz sujetdə.
Torpaq kütləsi evlərə doğru hərəkət edir. Yaşayış olan bir neçə evdə divarlar ortadan çatlayaraq qəzalı vəziyyətə düşüb.....Görüntülər rayonun Aşıqməmmədağa küçəsi döngə 3 ünvanındandır. Sakinlərin sözlərinə görə, son günlər yağan yağışlardan sonra sürüşmənin miqyası hər gün böyüyür. Sürüşmə səbəbindən ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Bu təhlükə təkcə evlərdəki çatlarla yekunlaşmır. Sözügedən ərazidə üç evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən-günə genişlənir. Sakinlərə məxsus meyvə ağacları da aşınmaya məruz qalıb, bəzi ağaclar sürüşümə nəticəsində kökündən çıxaraq 3-4 metr aşağı yuvarlanıb. Sürüşmə nəticəsində artıq 4 ailə evlərini tərk edib. Sürüşmənin vurduğu zərərlə bağlı lazımı qurumlara da xəbər verilib.