QHT-yə Dövlət Dəstəyi Şurasının 10 illik fəaliyyəti ilə bağlı ictimai müzakirə keçirilib...

15 Oktyabr 2018 16:56

Şəkidə Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətinin 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda ictimai müzakirə keçirib. Əvvəlcə şuranın 10 illik fəaliyyətinə həsr olunmuş qısa film nümayiş etdirilib. Daha sonra çıxış edənlər Şuranın yaradılmasının tarixindən və həyata keçirdiyi tədbirlərdən söz açıblar. Qeyd olunub ki, 10 illik fəaliyyəti ərzində Şura qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün cəmiyyətdə böyük ictimai səfərbərlik işi aparıb. Dövlət qeydiyyatına alınan QHT-lərin sayı bir neçə dəfə artıb, onların inkişafı üçün zəruri tədbirlər görülüb, qanunvericilik bazası zənginləşdirilib. Şuranın hazırladığı “Könüllü fəaliyyəti haqqında” , eləcə də “İctimai iştirakçılıq haqqında” qanun layihələrinin Milli Məclis tərəfindən qəbul edilməsi ictimai sektorda həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasına, ölkədəki ictimai nəzarətin təşkilinə böyük tövhə verdiyi vurğulanıb. Həmçinin, şuranın xarici ölkələrdə 200-dən çox layihə maliyyələşdirdiyi qeyd olunub. Bu layihələr çərçivəsində Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1 milyondan çox Azərbaycanlı qaçqın və məcburi köçkünün həyatı və taleyi, Xocalı soyqırımın dəhşətləri haqqında məlumatlar müxtəlif ölkələrə yayılıb.