Eyni gündə 3 kənddə "Kütləvi Çıxarış" kampaniyası keçirildi...

13 Oktyabr 2018 16:33

Şəkidə “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bu dəfəki “Kütləvi çıxarış” kampaniyasında Əmlak Məsələləri Dövlət Komitəsi fərqliliyə imza atıb. Kampaniya eyni vaxtda bir neçə coğrafi məkanı əhatə edib. Şəkinin Birinci və İkinci Biləcik, eləcə də Baqqal kəndində sakinlərə daşınmaz əmlakın qeydiyyat xidmətlərini təklif edən kampaniya çərçivəsində mobil ofislərə 100-ə yaxın müraciət daxil olub. Birbaşa yaşadıqları yerlərdə 50 vətəndaşa daşınmaz əmlaka dair çıxarışlar təqdim edilib. Qeyd edək ki, verilən çıxarışlardan 22-si pay torpaqlarına, 17-si fərdi yaşayış evlərinə, 11-i həyətyanı torpaqlara aiddir. Bunlardan da 18-i Birinci Biləcik kəndinin, 17-si İkinci Biləcik kəndinin, 15-i isə Baqqal kəndinin payına düşür. Şəki rayonu üzrə keçirilən sosial aksiya zamanı çıxarışların verilməsi ilə bərabər, daşınmaz əmlakla bağlı hüquqi xidmətlər də göstərilib. Komitənin ünvanlar üzrə mobil ofislərinə hüquqi yardım üçün 50-yə yaxın vətəndaş müraciət edib. Mütəxəssislər tərəfindən sakinlərə qanunvericiliyə uyğun olaraq hüquqi məsləhətlər verilib və sualları cavablandırılıb. Çıxarış almaq istəyən vətəndaşlara isə qeydiyyat prosedurları izah olunub və onlardan sənədlər toplanıb. Eləcə də komitə əməkdaşları müasir avadanlıqlar vasitəsilə qeydiyyata alınacaq əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərini dəqiqləşdirib. Sadələşdirilmiş xidmətləri təklif edən sosial aksiyalar birbaşa vaxtın və əlavə xərclərin qənaətinə yönəlib.