İsmayıllıda məcburi köçkünlərlə görüş keçirildi...

12 Oktyabr 2018 16:11

İsmayıllıda müxtəlif rayonlardan olan məcburi köçkünlərlə görüş keçirilib. Regionların Sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalayıb, bu uğurların aparılan siyasi kursun məntiqi nəticəsi olduğunu bildirib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məcburi köçkün həyatı yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlər görülüb. Hazırda bu tədbirlər uğurla davam etdirilir. İsmayıllıda müxtəlif rayonlardan olan 872 ailə - 3459 nəfər yaşayır. 45 məcburi köçkün ailəsi üçün yeni qəsəbə də salınıb. Eyni zamanda icra başçısı məcburi köçkünlər üçün kənd təsərrüfatı məhsullarının becərilməsinə şəraitin və tədarük məntəqələrinin yaradılmasının zəruri olduğunu bildirib. Məcburi köçkünlərin torpaq əkini, işıq xətlərinin dəyişdirilməsi ilə bağlı müraciətləri dinlənilib və qaldırılan məsələlərin yerindəcə həll edilməsi üçün aidiyyatı orqan rəhbərlərinə göstərişlər verilib. Məcburi köçkünlər də onları narahat edən problemlərin həllində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdiriblər.