Şamaxıda 3 kənd mavi yanacaqla təmin edildi...

11 Oktyabr 2018 18:16

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu dəfə Şamaxı rayonunun Sabirli, Qonaqkənd və Hacıqədirli kəndləri mavi yanacaqla təmin edilib. Bu məqsədlə keçirilən tədbirdə rayon administrasiyası və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, kənd sakinləri iştirak ediblər. Ümumilikdə 285 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 37 min 690 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Rayon qaz istismar idarəsindən verilən məlumata görə, artıq rayonun 44 kəndində 21 000- dən artıq abonent qaz xətti ilə təmin edilib. Bu isə Şamaxı əhalisinin 96 faizinin mavi yanacaqdan istifadə etməsi deməkdir.