Şəkili fermerlər taxıl sahələrini gübrələməkdə çətinlik çəkirlər...

10 Oktyabr 2018 17:10
Taxıl əkini aparan fermerlər xüsusi qaydalara riayət etməklə daha yaxşı məhsuldarlığa nail olmaq istəyirlər. Bəzən onlardan asılı olmayan səbəblər - təbiət hadisələri, hava şəraiti və s. də məhsuldarlığa müəyyən təsir göstərir. İndidən məhsuldarlıqdan danışmaq tez olardı. Amma ümid etmək yaxşıdır. O halda ki, fermerlər özlərindən asılı olan qaydalara riayət etsinlər. Hazırda əkin sahələrini gübrələməyin vaxtıdır. Bəzi fermerlərsə bunu həyata keçirə bilmir və ya müəyyən çətinlik yaşayırlar. Səbəblər nədir?
Şəki fermerləri taxıl səpini üçün gübrə ala bilmir. Bu münasibətlə AQROLİZİNQ ASC-nin Şəki regional nümayəndəliyinə gələn fermerlər artıq bir neçə gündür ki, gübrənin səbəbsiz yerə gecikdirildiyini deyirlər. Gübrənin gecikməsi isə birbaşa səpinə mənfi təsir göstərir. Belə ki, artıq əkin sahələrinə gübrə vurmaq vaxtı keçir. Bu isə məhsuldarlığa ciddi təsir edə bilər. Fermerlər belə vəziyyətdə kənardan daha baha qiymətə gübrə almalı olur. Çünki AQROLİZİNQ-dən alınan gübrələrə 70% güzəşt tətbiq edilir. Bazardan baha qiymətə alınan gübrəyə isə əksər fermerin gücü çatmır və məhsulu zay olur. AQROLİZİNQ ASC-nin Şəki regional nümayəndəliyinin rəhbəri isə səsləndirilən iddialarla razılaşmır. Fermerlər havaların əlverişli keçməsindən səmərəli və vaxtında istifadə etmək istəyir. Əgər yağışlar yağarsa, havalar soyuyarsa sahələrdə əkin işləri ləngiyəcək, həm də səpin çətniləşəcək.