Səyyar “ASAN xidmət” Şəkidə...

10 Oktyabr 2018 17:03

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu Şəki şəhərində sakinlərə səyyar formada xidmətlər göstərir. Bunun üçün şəhərin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Qeyd edək ki, Səyyar “ASAN xidmət” Şəkidə sakinlərə noyabrın 6-dək xidmət göstərəcək. Təqdim olunan xidmətlərdən qonşu rayonların sakinləri də yararlana bilərlər.