Qəbələyə dəmiryolunun çəkilişi başlayıb...

09 Oktyabr 2018 16:11
Son vaxtlar Azərbaycan Dəmir yollarında təmir bərpa işləri ilə yanaşı, yeni dəmir yol xətləri də çəkilir. Xüsusilə də Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər sürətləndirilib. Belə ərazilərdən biri də Qəbələ rayonudur.
Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni yolda işlərə start verilib. Dəmir yolu əvvəlcə Bakıdan Ləki stansiyasına, sonra Ləkidən Qəbələnin hava limanına istiqamət alacaq. Dəmir yolunun çəkilişi üçün tikinti materialları qərb və şimal-qərb bölgəsindən gətirilir. Dəmir yolunda tikinti işlərinin həyata keçirilməsi üçün Ağdaş ərazisində beton zavod, daş karxanası, qum və çınqıl doğrayan qurğu quraşdırılıb. Yolun çəkilişinin keyfiyyətli və sürətli aparılması üçün 170 işç cəlb olunub ki, onların da böyük hissəsi Ağdaş və Qəbələ rayonlarındandır. 43 km-lik dəmir yolunun çəkilişi zamanı, 75 suötürücü, 14 tünel və körpü, yolun 15-ci km-də Ağdaş rayonu Qarağan-Şıxlar kənd ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Hazırda dəmir yol xəttinin 14-cü km-də 27 metrlik körpünün inşası aparılır. Dəmir yol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonun dağlıq ərazisinə düşür. Sözügedən ərazidə işlərin aparılması üçün layihə hazırlanıb, torpaq sahəsi ayrılıb və ərazidə iş aparılır. Qeyd edək ki, Dəmir yolunun Qəbələyə çatdırılması turist axınının daha da sürətləndirilməsinə hesablanıb.