Bu yoldan keçənlər əsl həyat mübarizəsi aparırlar...

08 Oktyabr 2018 16:50
Şamaxıda bir sıra geniş prospekt və küçələrdə piyada zolaqlarının olmaması ətrafda yaşayan insanlar üçün çətinliklər, həyatları üçün təhlükə yaradır. Belə təhlükəli ərazilərdən biri də Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayon ərazisindən keçən hissəsidir ki, bu yolda sakinlər qarşı tərəfə keçmək üçün həyatlarını riskə atmalı olurlar. Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsinin sağ və solunda 1000-dən çox yaşayış evi yerləşir. Gündəlik olaraq bu yaşayış mərkəzinin sakinləri yolu qarşıdan qarşıya keçmək üçün əsl həyat mübarizəsi aparırlar. Bakı istiqamətində və ya əks istiqamətdə hərəkət edən 100-lərlə avtomobilin yaratdığı təhlükə bu sakinlər üçün artıq adiləşib. Səbəb isə geniş zolaqlı avtomobil yolunun üzərində bir ədəd belə olsun, piyada keçidinin olmamasıdır. Yolun digər hissəsində Şamaxı rayon İdman kompleksi və Diaqnostika mərkəzi yerləşir. İdman kompleksində məşq keçən azyaşlıların olması və gündəlik olaraq onların da bu yolu keçib getməsi təhlükənin miqyasını daha genişləndirir. Magistral yolda hərəkət edən sürücülər də təhlükənin fərqindədirlər. Yol üzərində piyada keçidinin və nişanın olmaması onların da işini çətinə salır. Qanunvericiliyə əsasən isə piyada keçidləri, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axının intensiv olduğu yerlərdə , piyadaların hərəkətini tənzimləmək üçün qurulur və bu yolda istənilən hərəkətin təhlükəsizliyi yol müfəttişi tərəfindən tənzimlənir.