Mübariz Əhmədzadə Yuxarı Tala sakinləri ilə görüşdü...

04 Oktyabr 2018 16:44

Zaqatala İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə növbəti səyyar görüş çərçivəsində rayonun Yuxarı Tala kəndində sakinlərin problemlərini dinləyib. İcra başçısı əvvəlcə rayonda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Baramaçılıq, gülçülük və tütünçülük kimi kənd təsərrüfatı sahələrinin yenidən dirçəlməsinin ölkəyə valyuta gətirməklə yanaşı, həm də əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyi vurğulanıb. Səyyar görüş çərçivəsində həmçinin görülən işlərlə yanaşı, sakinlərin üzləşdikləri çətinliklər və həllini gözləyən məsələlərdən bəhs edilib. Sakinlər içməli su ilə bağlı yaşadıqları çətinliyi dilə gətiriblər. Belə ki, kəndin içməli su mənbəyini dağ çayı təşkil etdiyindən əsasən yaz-yay aylarında aramsız yağan yağışlar nəticəsində hər il kəndin su təsərrüfatı zərər çəkir. Borular bərpa edilənədək isə sakinlər içməli su problemi yaşayırlar. Sakinlər həmçinin sel sularından mühafizə məqsədi ilə mövcud çayətrafı bəndlərin möhkəmləndirilməsi kimi təkliflər də irəli sürüblər. Sakinlərin problemi diqqətlə dinlənilərək, həlli üçün aidiyyati qurumlara göstərişlər verilib.