Dəmirçidən Şamaxıya getmək niyə bahadır?

02 Oktyabr 2018 16:02

Yenicə yol çəkilən Şamaxı rayonunun Dəmirçi kənd sakinlərinin indi də marşrut problemləri var. Rayon mərkəzinə avtobus işləmədiyi üçün sakinlər rayona getmək üçün ya kimdənsə xahiş edirlər, ya da taksi ilə getmək məcburiyyətində qalırlar. Bəzi vaxtlar isə taksilərlə də gedə bilmirlər. Səbəbi isə bu kənddə taksilərin vaxtla işləməsidir. Necə deyərlər, hər vaxtın öz qiyməti var. Şamaxının turizm kəndlərindən biri olan Dəmirçi kəndi rayon mərkəzindən 29 km uzaqlığda yerləşir. 600-ə yaxın əhalisi olan bu kəndin sakinlərinin bir problemi var o da marşrutun olmamasıdır. Sakinlərin sözlərinə görə Dəmirçi kəndindən rayon mərkəzinə getmək üçün cəmi 15-20 dəqiqəlik yoldur. Amma bu yolu getmək onlara maddi cəhətdən baha başa gəlir. Kənddə taksi xidməti ilə məşğul olan cəmi 3-4 avtomobil var.Onlar da sərnişinləri istədikləri qiymətə aparıb gətirirlər. Bu da sakinlərin narazılığına səbəb olur. Sakinlər deyir ki,əvvəllər bu kəndə marşrut olub. Kənd sakinləri istədikləri vaxt rayona ucuz qiymətə gedib-gəliblər. Sonralar yolların bərbad olması səbəbindən marşrut ləğv edilib. Rayonda taksi xidməti ilə məşğul olan sürücülərin özləri də qiymətin baha olmasını təsdiq edirlər. Səbəbini soruşanda isə… Kəndin icra numayəndəliyindən verilən məlumata görə, artıq bu problemlə bağlı lazımı qurumlara müraciət edilib. Problemin tezliklə həllini tapacağı gözlənilir.