Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınmasına start verilib...

01 Oktyabr 2018 18:19

Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi üçün Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınmasına start verilib. Qəbələ Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasına yardım komissiyasının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Bildirilib ki, oktyabrın 1-10-da aparılacaq siyahıyaalınma 2019-cu ildə keçiriləcək respublika siyahıyaalınması üçün hazırlıq xarakteri daşıyır və sınaq zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkili üçün istifadə olunacaq, eyni zamanda, aşkar ediləcək nöqsan və çatışmazlıqların gələcəkdə baş verməməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görüləcək. Sınaq siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini təmin etmək məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətində yaradılan əhalinin siyahıyaalınmasına yardım komissiyası gücləndirilmış iş rejimində fəaliyyət göstərir.Qeyd edək ki, tətbiq olunacaq siyahıyaalma vərəqi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Dövlət Statistika Komitəsi bir daha Qəbələ sakinlərini oktyabrın 1-10-da keçiriləcək əhalinin sınaq sıyahıyaalınmasında fəal iştirak etməyə çağırır.