Bu gün şəhid Aqşin Abdullayevin doğum günüdür...

01 Oktyabr 2018 16:19

O, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalıb. Bu gün şəhid Aqşin Abdullayevin doğum günüdür. Doğum gününə toplaşanlar onun haqqında xatirələrini bölüşüb, keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bu münasibətlə çəkiliş qrupumuz şəhid Aqşin Abdullayevin evində oldu. Şəhid düşməsinin üzərindən il yarımdan çox vaxtın keçməsinə baxmayaraq onun valideyinləri hələ də oğullarının itkisi ilə barışa bilmirlər. Arxasında 3 övlad qoyan Aqşin Abdullayev çox gənc yaşda böyük nəaliyyətlər qazanmışdı. O qüsursuz 10 və 15 il xidmətə görə 3-cü və 2-ci dərəcəli medalla təltif edilmişdi. 31 yaşında Mayor rütbəsini alan Aqşin Abdullayev göstərdiyi şücaətlərə görə həmişə fərqlənirdi. Aqşinsiz 2-ci doğum gününü keçirən Abdullayevlər ailəsi isə oğullarının şəhidlik zirvəsinə ucaldığı üçün qürur duysalar da, ağır itkinin acısının hələ də dinmədiyini deyirlər. Aqşin Abdullayevə evdə xüsusi güşə hazırlayan valideynləri buranı onun ev muzeyinə çevriblər. Otaqda qəhraman şəhidimizin şəkilləri, şəhidliyə yüksəldiyi gün üzərində olan əşyaları, hərbi formaları, diplomları sərgilənir. Daim qapılarının hər kəsin üzünə açıq olduğunu deyən valideynlər məktəblilərin tez-tez onları ziyarət etdiyini və muzeyə çox böyük maraq göstərdiyini deyirlər. Həmçinin şəhid Aqşin Abdullayev 36-cı doğum günündə məzarı başında da anılıb. Şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları, şəhidin valideyn və yaxınları məzarı ziyarət edib və gül dəstələri qoyub. Bundan sonra isə Kiş orta məktəbində anım tədbiri keçirilib. Tədbir iştirakçıları ilk öncə məktəbdə Kiş şəhidlərinə həsr edilmiş güşə ilə tanış olublar. Daha sonra tədbir start götürüb. Azərbaycan himninin səslənməsi ilə start götürən tədbirdə çıxış edənlər şəhid Aqşin Abdullayevin keçdiyi şərəfli ömür yolundan bəhs ediblər. Onun şücaət göstərərək yoldaşlarını xilas etmək üçün ölümə getdiyi xüsusi vurğulanıb. Tədbirdə həmçinin Aqşinlə birgə şəhid olmuş yoldaşlarının valideyinləri də iştirak ediblər. Qeyd olunub ki, şəhidlik zirvəsinə çatmaq hər kəsə qismət olmur. Və şəhidlər heç zaman ölmür. Şəhid Aqşin Abdullayevə həser edilən videoçarxlar nümayiş etdirilib. Anım tədbiri vətənpərvər ifalarla yekunlaşıb.