Heydər Əliyev Mərkəzinin yeni binasının, həmçinin Bayraq meydanı və Bayraq muzeyinin tikintisi sürətlə davam etdirilir...

29 2018 15:47
Şəki şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının, həmçinin Bayraq meydanı və Bayraq muzeyinin tikintisi sürətlə davam etdirilir. Tikinti işlərinin yaxın aylarda başa çatdırılması planlaşdırılır. Şəki-Qoxmuq kənd avtomobil yolunun şimal-qərb hissəsində, Kiş çayının sahilində yeni salınmaqda olan və Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq parkın ərazisində ucaldılan bayraq dirəyinin yerdən hündürlüyü 72,4 metrdir. Bayraq meydanın altında isə bayraq muzeyi yerləşəcək. Qeyd edək ki, mərkəzin üçmərtəbəli binasının ümumi sahəsi 5629, tikinti sahəsi isə 2322 kvadratmetrdir. Mərkəzin birinci mərtəbəsində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən muzey, səhnə, akt və sərgi zalları, nikah dairəsi və kafe, 2-ci mərtəbəsində kitabxana, yaradıcılıq studiyası, intellektual oyun otağı, linqafon otağı, 3-cü mərtəbədə isə 2 toplantı zalı, tədris, iş və inzibati otaqlar yerləşəcək. Ərazidə abadlıq və yaşıllaşdırma işləri də aparılır. Bir neçə həftə ərzində yaşıllaşdırılma işlərinin tam başa çatacağı gözlənilir. Xatırladaq ki, bu ilk mərhələdə görüləcək işlərdir. Mərkəz və bayraq meydanının tikintisi başa çatdıqdan sonra 2-ci mərhələyə start veriləcək. 2-ci mərhələdə isə ərazidə Şəki şəhər İcra hakimiyyətini yeni binası və şəhər sakinlərinin istirahəti üçün geniş park salınacaq.