Zaqatala I Beynəlxalq fındıq, qoz və şabalıd festivalına ev sahibliyi edir...

29 2018 15:36
Festivalda fındıq, qoz və şabalıddan hazırlanan məhsullar sərgilənir, əl işləri nümayiş olunur. Həmçinin müxtəlif müsabiqələr də keçirilir. Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
I Beynəlxalq Fındıq, Qoz və Şabalıd Festivalının rəsmi qonaqları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidəsi önünə gül dəstələri düzüblər. Ardınca fındıq bağlarında fındıq yığımı və fındığın emalı prosesini izləyiblər. Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olub. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 15-ə yaxın xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, Nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak ediblər. Qonaqlar rayon ictimaiyyəti ilə birlikdə “Dədə Qorqud” meydanında yaradılan “Kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanılma qaydası, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini izləyiblər. Festival iştirakçıları həmçinin fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar. Festivalın sonunda fındıq, qoz və şabalıdla bağlı müsabiqə qalibləri mükafatlandırılıb. Tədbirə Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki meydanda keçiriləcək bədii proqramla yekun vurulacaq.