"Ehtiyacın varsa götür, yoxdursa gətir"

28 2018 16:33
“Əl tutmaq Əlidən qalıb” deyə bir ifadə var. İsmayıllı sakinləri də ehtiyacı olan insanlara əl tutmaq üçün maraqlı bir yola əl atıblar.
İsmayıllıda bir mağaza var ki, burda satılan hər şey pulsuzdur.. Rayonun mərkəzində xeyriyyə məqsədi ilə fəaliyyət göstərən mağaza imkansız insanlara pulsuz pal-paltar, müxtəlif əşyaları təqdim edir. “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyaya bütün rayon sakinləri qoşulub. Həm müraciət edən imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir. Vitrində ayaqqabı, uşaq geyimləri, yay və qış geyimləri üstünlük təşkil edir. Ölçülər də fərqlidir. İsmayıllı ilə yanaşı, qonşu Ağsu və Göyçay rayonlarından da mağazaya maraq böyükdür. “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyası çərçivəsində hətta əlil vətəndaşa əlil arabası, bir neçə imkansız ailələrə isə məişət avadanlıqları hədiyyə olunub.