Zaqatalanın İcra başçısı Aşağı Çardaqlar kəndində olub...

27 2018 17:23

Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadə növbəti səyyar görüş çərçivəsində rayonun ucqar yaşayış məntəqələrindən olan Aşağı Çardaqlar kəndində olub. Respublikada, o cümlədən rayonda idxalyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı görülən işlərdən danışılıb. İcra başçısı bildirib ki, rayonun ixracyönümlü kənd təsərrüfatı məhsulları içərisində əsas yeri fındıq, tütün, barama və qızılgül tutur. Ötən il rayon üzrə toplanan 13 min 400 tona yaxın fındıqdan ümumilikdə 124 milyon manat gəlir götürülüb. Bu ildə məhsuldarlıq yüksək olduğundan, əldə olunan gəlirin ötən ildən çox olacağı gözlənilir. Həmçinin bu il min ton tütün istehsalı nəzərdə tutulub. 48,2 ton barama təhvil verilib. Rayonda salınan yeni gül plantasiyalarından toplanan ləçəklərdən 38 litr qızılgül,175 litr lavanda yağı istehsal edilib. Əldə olunan bu uğurlarda Aşağı çardaqlar kəndinin də özünəməxsus payı var. Kənddə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, yeni məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilib. Sakinlər isə kənddə həllini gözləyən problemlərdən danışıblar. Bildirilib ki, kənddə uşaq bağçasının tikintisinə, mədəniyyət evinin təmir edilməsinə, yeni artezyan quyusunun qazılmasına, elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyac var. Sakinlərin müraciətlərinin dinləyən rayon rəhbərliyi həlli istiqamətində lazımi tədbirlərin həyata keçiriləcəyi sözünü verib.