Ağacları kəsənlər cərimələndi...

26 2018 16:56
Şəkidə qışın yaxınlaşması ilə əlaqədar odun tədarükünə start verilib. Əsasən təbii qazın olmadığı kəndlərdə odun tədarükü daha aktualdır. Bunun üçün artıq ağacların kəsiləcəyi yerlər təyin edilib. Lakin kənd sakinləri hər il bu məsələ ilə bağlı çətinlik çəkdiklərini və yetərincə odun tədarük edə bilmədiklərini deyirlər.
Qax və Şəkidə keçirilən sonuncu reyddə bir neçə qanun pozuntusu aşkarlanıb. Şəki Regional Meşə təsərrüfatı mərkəzi ağac kəsimi üçün xüsusi yerlərin ayrıldığını bildirir. Artıq kəsimin aparılacağı ərazilərə baxış keçirilib. Bu qış üçün 3935 kub metr odun satışına icazə verilib. Bunun da 1237 kub metri tör-töküntünün, geri qalan hissəsi isə çürümüş, qurumuş və inkişafdan dayanan ağacların üzərinə düşür. Şəkidə ağacların kəsilməsinin qadağan edilməsi sakinləri çətin vəziyyətə salıb. Yanacaq problemini necə həll edəcəklərini bilməyən əhali qış boyu ortalama 40 kub metr oduna olan tələbatlarını hansı yolla ödəyəcəklərini bilmirlər. Sakinlər Şəki Regional Meşə təsərrüfatı mərkəzinin onların müraciətinə əsasən əhali üçün ayırdığı odunun tələbatı ödəmədiyini bildirirlər. Şəki Regional Meşə təsərrüfatı mərkəzi əhaliyə xəbərdarlıq edir - heç bir halda ağacların kəsilməsinə yol verilməyəcək. Regionda kəsimin Şəki üzrə Şin, Kiş, Zəyzid və Küngüt meşəbəyliklərində, Qax üzrə isə İlisu meşəbəyliyi və Qax meşəbəyliyində aparılmasına icazə var.