Əhali içməli su ilə təmin edildi...

25 2018 18:49

Balakən rayonunun Mahamalar kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Su təchizatı sisteminin tikintisi” layihəsinin icrası uğurla başa çatıb. Bu münasibətlə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər. Layihələrin icrası nəticəsində rayonun Mahamalar və Hənifə kəndlərinin əhalisinin içməli su ilə təminatı daha da yaxşılaşacaq. Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 88 min 979 ABŞ dolları təşkil edir. Qrant yardım proqramı çərçivəsində Zaqatala rayonunda isə sayca doqquzuncu layihənin icrası uğurla başa çatıb. Rayonun Qandax kəndində “Su təchizatı sisteminin tikintisi” layihəsinin başa çatması münasibətilə mərasim keçirilib. Yaponiya hökumətinin “Zaqatala rayonunun Qandax və Kəpənəkçi kəndlərində su təchizatının tikintisi” layihəsi üzrə ayırdığı qrant yardımının ümumi məbləği 90 min 719 ABŞ dolları təşkil edib. Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.