Azərbaycanda yüksək keyfiyyətli şərab və konyak istehsalı texnologiyaları təkmilləşdirilir...

20 2018 16:25
Bu gün qeyri-neft sektorunun digər sahələri kimi, şərab ixracının artırılması başlıca vəzifə olaraq qarşıya qoyulub. Üzümçülük və şərabçılığın inkişaf etdirilməsinə dair 2012-2020-ci illəri əhatə edən Dövlət Proqramın icrası aqrar sahənin gəlirliyinin və ixrac potensialının artırılmasına, həmçinin kənd əhalisinin maddi rifahının yüksəlməsinə şərait yaradacaq. Bu fikirlər Qəbələdə Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə birgə keçirdiyi respublika elmi-praktik seminarında səsləndirilib. Seminar “Azərbaycanda müxtəlif növ texniki üzüm sortlarından alınan yüksək keyfiyyətli şərab və konyak istehsalı texnologiyalarının təkmilləşdirilməsi”nə həsr edilib. Üzümçülüklə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin, qabaqcıl üzüm emalı müəssisələrinin nümayəndələrinin, alimlərin iştirak etdiyi tədbirdə çıxış edənlər vurğulayıb ki, “Made in Azerbaijan” brendinin təbliğ edilməsi məqsədilə hazırda Azərbaycan istehsalı olan şərabların və spirtli içkilərin müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq dequstasiya müsabiqələrində və sərgilərdə təqdimatı keçirilir. Son illər süfrə, desert, nektar və kaqor tipli şərabların, meyvə və giləmeyvə likorlarının, bəhməz və təbii üzüm şirəsinin yeni texnologiyalarının işlənib hazırlandığı, şampan şərab materiallarının, konyak və arağın hazırlanma texnologiyalarının təkmilləşdirildiyi diqqətə çatdırılıb. Açıq dialoq şəklində davam edən seminarda üzümçü fermer və sahibkarları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılarına üzümçülük və şərabçılığa dair maarifləndirici buklet və kitabçalar paylanılıb.. Sonra seminar iştirakçıları müəssisənin istehsal sahələrində olub, texnoloji avadanlıqla tanış olub, üzümün emalı və şərabın hazırlanması prosesinə baxıblar. Şərabların gələcəkdə İtaliya, İsveç kimi ölkələrə ixrac edilməsi də planlaşdırılır.