Səkkiz yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur...

19 2018 16:20
Qəbələnin 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolu təmir olunur. Yenidənqurma işlərindən sonra əhalinin Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranacaq. Bundan başqa, yolun əsaslı şəkildə bərpası turizmin də inkişafına səbəb olacaq.
18 kilometr uzunluğa malik olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun bərpa olunur. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edir. Başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklü olub. Elə buna görə də yaşayış məntəqələrində yaşayan 11 min nəfər əhalinin gediş-gəlişində çətinliklər olurdu. Lakin yolun yenidən qurulması bu çətinlikləri geridə qoyacaq. Tikinti layihəsinə uyğun olaraq optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilir, artıq yolun asfaltlanmasına başlanılıb. Ümumilikdə yolun 100 min kubmertdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Layihə çərçivəsində tikinti işlərindən sonra yolda hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, həmçinin üfiqi nişanlanma xətlərinin çəkilməsi nəzərdə tutulur.