Şamaxı və Qobustan məktəbliləri qardaşlaşdı...

18 2018 17:31

Yeni tədris ili Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbi və Qobustan şəhər 3 saylı tam orta məktəbi üçün əlamətdar hadisə ilə yadda qalıb. Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin növbəti iştirakçıları bu iki təhsil ocağı olub. Hər iki məktəbin müəllim və şagirdlərinin, valideynlərin iştirak etdikləri tədbirdə əvvəlcə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda mühazirəsi dinlənilib. Sonra Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi barədə film nümayiş olunub. Qardaşlaşma sazişini Qobustan məktəbinin 8-ci sinif şagirdi Zəhra Rəsullu və Şamaxı məktəbinin 11-ci sinif şagirdi Simran Adıgözəlov imzalayıblar. Məktəb direktorları onların imzalarını möhürlə təsdiqləyiblər. Hər iki məktəbin şagirdləri “Bilik günü” münasibətilə hazırladıqları musiqili-ədəbi proqramla çıxış ediblər. Şagirdlərə Fondun adından kitablar hədiyyə verilib. Məktəblilər birlikdə nahar edib, süfrə ətrafında daha yaxından tanış olub, imzalanan sazişə uyğun olaraq dərs ilinin sonuna kimi həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıblar.