Bilik Günü qeyd olundu...

15 2018 17:04

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. 2018-2019-cu tədris ilində Şəkidə 2520 nəfər birinci sinfə gedəcək. 2022 nəfər isə hazırlıq qruplarında təhsil alacaq. Ümumilikdə isə Şəkinin 96 ümümtəhsil məktəbində 25 minə yaxın şagirdin təhsil alacağı nəzərdə tutulur. Bilik günü münasibətilə şəhər və kənd məktəblərində tədbirlər keçirilib. Ötən tədris ili ərzində uğur qazanmış müəllimlər mükafatlandırılıb. Çıxış edənlər birincilərə yeni yolda uğurlar arzulayıb. Birincilərsə çıxışları ilə hər kəsin alqışını alıblar. Daha sonra birincilərin həyatında ilk zəng çalınıb. İlk dərs gününün sevincini şagirdlərlə birgə müəllim və valideynlər də yaşayıb. Ümumilikdə isə Azərbaycan məktəblərində 1 milyon 450 minə yaxın şagird təhsil alacaq, 150 minə yaxın müəllim onların tədrisi ilə məşğul olacaq. Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub. Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.