İsmayıllıda da “Bilik Günü” böyük təntənə ilə qeyd olunub...

15 2018 15:10
İsmayıllının ucqar qəsəbələrindən biri olan Lahıc qəsəbəsində prezident İlham Əliyevin sərəncamı əsasında yeni tikilən 400 yerlik yeni müasir tipli tam orta məktəb də qapılarını şagirdlərin üzünə açıb.
Lahıc məktəbində keçirilən “Bilik Günü” tədbirinə Dövlət Himninin səslənməsilə start verilib. 1-cilərin qarşılanma mərasimi keçirilib. Rayon Təhsil şöbəsinin nümayəndələrinin iştirak etdiyi təhsil bayramında çıxış edənlər məktəbin əldə etdiyi uğurlardan bəhs ediblər. Belə ki, keçən il Lahıc məktəbinin bir məzunu qəbul imtahanında 700 ballıq nəticə göstərib. Rayon üzrə bir şagird məktəbi qızıl medalla bitirib. Həmin şagird də Lahıc məktəbinin bu ilki məzunudur. Qəsəbə sakinləri yeni tikilən bu məktəbdə də növbəti illərdə yüksək nəticələr gözləyirlər. Çıxış edənlər şagirdlərə tövsiyələr verib, onlara müvəffəqiyyətlər arzulayıblar. Sonra məktəblilərin hazırladıqları kompozisiyalar dinlənilib. Bu il Lahıc məktəbində 220 şagird təhsil alacaq, onlardan 15 nəfərini 1-ci sinifə gedən şagirdlər,12 nəfəri isə hazırlıq kurslarına gedən şagirdlər təşkil edir. Ümumilikdə isə bu il İsmayıllı məktəblərində 12 263 şagird təhsil alacaq, onlardan 1 043 nəfərini 1-ci sinifə gedən şagirdlər təşkil edir. 16 məktəb 2 növbəli, 63 məktəbsə 1 növbəli sistemlə işləyəcək.