Çay daşı, əhəng, saman və yumurta: İki əsrlik ev...

15 2018 12:47
Balakən rayonunun Katex kəndində olan qədim ev 18-19-cu əsr bölgə əhalisinin yaşam tərzini özündə əks etdirir. Katexə gələnlərin diqqətini çəkən bu qədim evdə əməkdaşlarımız da olub. Onların gözü ilə tarixi keçmişimizə qayıdaq... Çay daşı, əhəng, saman və yumurta... O zamanın bu ənənəvi tikinti materialları ilə tikilən evin iki əsrə yaxın yaşı var. Bəzi mənbələr isə evin təməlinin və müəyyən hissəsinin hətta 17-ci əsrə aid olduğunu göstərir. İllər boyu baş verən zəlzələ, sel və daşqınlar belə evi sarsıtmayıb. Divarları tikildiyi zamandakı kimi sağlam və möhkəm qalan evin dizaynı insanı xəyalən qədim zamanlara aparır. Evin zirzəmisində isə atların saxlanılması üçün tövlə var .Bu evin iki ailənin yaşaması üçün uyğunlaşdırıldığı deyilir. Evin bu günümüzə qalan hissəsinin 1850-ci illərdə Katex kənd sakini Tələtov Tələt tərəfindən inşa edildiyi bildirilir.Daha sonra bu evdə ev sahibinin iki oğlu uzun müddət yaşayıb. Elə də dəyişikliyə uğramayan, tikildiyi dövrə uyğun saxlanılan bu evin indiki sahibləri onun tarixi əhəmiyyətli tikili kimi qorunub saxlanılmasını arzu edir. Tarixi abidələrlə zəngin Balakən rayonunda, eləcə də Katex kəndində hər küçədə,hər obada bir tarix yatır. Bu keçmişimizin bələdçiləri olan abidə, ev və tikililəri isə qorumaq, gələcək nəslə ötürmək bölgə tarixinin öyrənilməsi üçün olduqca vacibdir.