Vəhşi heyvan hücumları artıb

14 2018 17:04
Vəhşi heyvanların yaşayış ərazilərinə yaxınlaşması və dinc sakinlərə hücumları ilə bağlı hadisələr artıb. Magistral yol kənarlarında vəhşi heyvan leşlərinin çoxalması vəziyyətin ciddiliyindən xəbər verir. Problemi daha sıx rast gəlinən Şimal və şimal-qərb bölgələrində araşdırmışıq.
Şəkidə vəhşi heyvan hücumuna tez-tez rast gəlinir. Son belə hadisə Baş Küngüt kəndində olub. Canavarın parçaladığı inək möcüzə nəticəsində xilas ola bilib. Axşam saatlarında çaqqalların kəndə girməsi küçəyə çıxmağı mümkünsüz edir. Eyni problem dağətəyi ərazidə yerləşən əksər kəndlərdə yaşanır. Sakinlərin sözlərinə görə, vəhşi heyvanların öldürülməsinin qanunla qadağan edilməsi onların əl- qolunu bağlayır. Dağətəyi kəndlərin örüş sahəsinin meşəlik ərazidə olması bu cür hücumların hər il artmasına səbəb olur. Problemin aradan qaldırılması üçün aidiyyatı qurumlara bir neçə üsul təklif edən sakinlər hələki cavab gözləyirlər. Mövcud vəziyyət üçün çıxış yolu tapılmazsa, sakinlərə dəyən maddi ziyan daha da artacaq.