AZGF Şəkidə 11-ci qrant müsabiqəsinin təqdimatını etdi...

14 2018 16:52

Gənclər Fondunun gənclər və gənclər təşkilatları üçün elan etdiyi 11-ci qrant müsabiqəsinin növbəti təqdimat tədbiri Şəki şəhərində reallaşıb. Şəhər Mədəniyyət Mərkəzinin iclas zalında keçirilən regional tədbirdə Gənclər Fondunun təmsilçiləri, Şəki-Zaqatala bölgəsi rayonlarının gənclər və idman idarələrinin, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Gənclər Fondunun fəaliyyət istiqamətləri və vəzifələri, gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və Fondun 11-ci qrant müsabiqəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Fondun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirməkdən ibarətdir. Elə 11-ci qrant müsabiqəsinin məqsədi də gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləməkdir. Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə çağırır. Layihə təklifləri sentyabrın 23-dək Gənclər Fondunun rəsmi internet səhifəsi - youthfoundation.az vasitəsilə qəbul olunur. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Belə tədbirlərin ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.