Qəbələdə yeniyetmə toyu...

12 2018 13:58
Yeniyetmələrin toy mərasimlərindən yayılan kadrlar erkən nikah məsələsini yenidən gündəmə gətirib. Məktəbyaşlı uşaqların ailə başçısına çevrilməsi hələ də erkən nikahın önünə keçilmədiyini göstərir. Sujetdə mütəxəssislər erkən nikahla gələn problemlərə diqqət çəkir.
Görüntülər Qəbələnin Vəndam kəndindəndir. İlk baxışda adi toy kimi görünsə də, bu el məclisindəki bəyin cəmi 17 yaşı var. Ətrafında rəqs edən sinif yoldaşları ilə bərabər bir neçə gündən sonra məktəbə - 11-ci sinfə gedəcəklər. Son dövrlərdə ailə məişət problemlərinin çoxalma səbəblərindən biri, bəlkə də elə birincisi erkən nikahlardır. Qanunvericiliyə görə, ölkədə 18 yaşından kiçik oğlan və qızların ailə qurması, birgə yaşaması erkən nikah sayılır və ancaq istisna hallarda buna icazə verilir. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların və oğlanların məcburi nikaha daxilolma halı valideynin uşağa qarşı zorakılığı kimi qiymətləndirlir. Psixoloqların fikrincə, erkən nikaha məcbur edilən qızların valideynləri, övladlarının “evdə qalmasından” qorxurlar. “Tez evlənənlə, tez yuxudan duran qazanar” deyimini əldə bayraq tutanlar erkən yaşda övladlarını ailə sahibi edir və bununla da öz valideynlik borclarını yerinə yetirmiş hesab olunurlar. Bu cür erkən nikahlar isə sonradan bir sıra böyük fəsadlara yol açır. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Erkən nikah, yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşdirilmiş son həddir.