Qədim Qəbələyə məxsus daha bir tapıntı aşkarlandı...

11 2018 15:54
AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik və İlk Orta Əsrlər Arxeoloji Ekspedisiyası" Qədim Qəbələ şəhərinin Səlbir ərazisində genişmiqyaslı tədqiqatlar aparıb. Arxeoloqlar yaşayış yerinin yuxarı mədəni təbəqələrinə aid iri yaşayış binası və binaya aid yardımçı tikili qalıqları aşkarlayıb.
Tikili qalıqları öz böyüklüyü və memarlıq quruluşuna görə diqqət çəkir. Binanın çay daşından qurulmuş enli bünövrəsi və bişmiş kərpiclərdən hörülmüş divarları tədqiq edilib. Hazırda tikilinin bir böyük otağı, dəhlizi və qapı yerlərində qazıntılar davam etdirilir. Aşkar edilən bina qalığı eramızın 12-13-cü əsrlərinə aid edilir. 13-cü əsrin sonlarına doğru isə bina tamamilə tərk edilib və zamanla kütləvi dağıntıya məruz qalıb. Arxeoloqlar qazıntılar zamanı tikili qalıqlarının içərisində müxtəlif bəzəkli saxsı və şüşə qab fraqmentləri, muncuqlar, düymələr, mis bəzək əşyaları da aşkarlayıb. Tədqiqatlar bitdikdən sonra aşkar olunmuş abidənin qorunması və araşdırılmasını davam etdirmək məqsədilə ilkin konservasiyası həyata keçiriləcək. Arxeoloji qazıntılar zamanı tapılan insan skeletləri isə antropoloji tədqiq ediləcək.