Üç əsrlik ev...

11 2018 15:30
İndi təqdim edəcəyimiz sujetdə qədim bir evdən söhbət açacağıq. O qədər qədim ki, 3 əsrlik tarixi var. Həm də yalnız ev deyil, hətta əşyaları da qədimdir. Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, kiçik muzeyi xatırladan bu evin indiki sakinləri ata-babalarından qalan köhnə əşyaları da qoruyub saxlayırlar.
Bu evdə köhnə xəncər, at yəhərindən tutmuş nehrəyədək qədim məişət əşyalarına rast gəlmək olar. Ev sahibi Fərman Mustafayevin sözlərinə görə bu əşyaların hər birinin 150-300 il arasında tarixi var. Əşyaların ən maraqlısı isə o zaman tikilən evlərin divarlarını, yaxud döşəməsini cilalamaq üçün olan xüsusi kəsilmiş çay daşıdır. 250 ildən çox yaşı olduğu bildirilən evə sonradan əlavələr olunsa da ən qədim iki otaq olduğu kimi qalıb. Deyilənlərə görə, 1825-ci ildə çarın apardığı siyahıya almada bu ev də siyahıda olub. Arxa divarda ərəb dilində yazılmış daş kitabədə isə kimə məxsus olduğu və dua xarakterli yazılar mövcuddur. Lakin evin tikilmə tarixi yoxdur. Ev sahibi bu əşyaları gələcəkdə hər hansı bir muzeyə bağışlamaq niyyətindədir.